Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin Kotbus elmi konfransı

Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin növbəti elmi konfansı baş tutdu.

17 noyabr 2018 – ci il tarixində Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin (VASW e.V) “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusunda növbəti elmi konfansı Kotbus şəhərində yerləşən Brandenburq Texniki Universitetində baş tutdu. Konfransın gedişinə Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi Azərbaycanın tarixi və mədəniyyəti, habelə, Qarabağ münaqişəsi haqqında kitablar və info – materiallar vasitəsilə dəstək göstərdi. Konfransda VASW – ın üzvləri, Almaniyanın aparıcı universitetlərində namizədlik dissertasiyası yazan azərbaycanlı doktorantlar, xarici tələbələr və elm adamları və qonaqlar, o cümlədən, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri, professor Yaşar Musayev, andlı tərcüməçi Dr. Qurban Ələkbərov iştirak etdilər. Öncə VASW – ın İdarə Heyətinin üzvü Mehrin Nəzirova qonaqları salamladı, Brandenburq Texniki Universitetində görməkdən məmnuluğunu ifadə etdi. Daha sonra qonaqları “Milli Dirçəliş Günü” münasibətilə təbrik edərək, onlara 30 il öncə baş verən hadisələrdən danışaraq, video və şəkillər təqdim etdi.

Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Seymur İbrahimov VASW – ın 2007 – ci ildə təsis olduğunu qeyd etdi və 11 il ərzində görülən işlər barədə hesabat verdi.

Fexta Universitetin doktorantı Rəna Hüseynova “Azərbaycanda sosial işin peşə kimi inkişafı” mövzusunda, Humbolt Universitetinin doktorantı Asif Məsimov “Çar imperiyasının XIX əsrdə molokan və duxoborların misalında köçürmə siyasəti ” mövzusunda, Humbolt Universitetin doktorantı Məcid Amandi “Azərbaycan türkcəsi Cənubi Azərbaycanın ictimai – siyasi həyatında“ mövzusunda, Dr. Qurban Ələkbərov “Azərbaycan diasporasının tarixi” mövzusunda məruzə etdilər. Konfrans interaktiv şəkildə davam etdirildi və fikir mübadiləsi aparıldı. Eyni zamanda qeyd etmək lazımdır ki, konfransın iş dili alman və ingilis dilləri idi. Tədbirdən sonra qonaqlar xatirə şəkli çəkdirdilər.